“Əşi nə olacaq? Adi bir damcıdır” deyib keçməyin. Göz damcılarının yanlış istifadəsi görmə itkisinə səbəb ola bilər.
Damcıdan sonra gözlərinizi açıq saxlayın
Göz damcıları düzgün tətbiq edilməsə bəzən müalicənin təsirsiz olmasına səbəb ola bilər. Effektiv müalicə üçün göz damcısı gözə tamamilə daxil olmalı və damcıdan sonra göz bir müddət açıq saxlanmalıdır. Əks halda damla ya heç gözə girməyəcək, ya da girsə belə gözün bağlanması nəticəsində axıb gedəcək. Və nəticədə kifayət qədər təsirli olmayacaq. Buna görə də xəstəni əvvəlcədən psixoloji hazırlamaq lazımdır, çünki damlalar gözdə yanma hissi yaratdığı üçün tətbiqdən sonra xəstə təbii olaraq refleksli şəkildə gözlərini bağlaya bilər.
Tanışların məsləhəti ilə göz damcısı almayın
Digər bir səhv, bir mütəxəssislə məsləhətləşmədən damcıların istifadəsidir. Bəzi göz damcılarının təyinatından başqa məqsədlər üçün istifadə edilməsi, son dərəcə mənfi nəticələrə səbəb ola bilər; Bu, hətta görmə qabiliyyətinin itirilməsinə belə səbəb ola bilər. Məsələn, bəzi buynuz qişa xəstəliklərində kortizon istifadəsi gözün perforasiyasına səbəb ola bilər. Eləcə də göz bəbəyini genişləndirən damcılar bəzən göz təzyiqinin həddindən artıq artmasına səbəb ola bilər.
Yan təsirlərə diqqət yetirin
Digər dərmanlarda olduğu kimi, göz damcılarının da yan təsirləri ola bilər. Xüsusilə istifadə qaydasına əməl edilmədikdə bu risk artır. Bu yan təsirlər dərmandan dərmana dəyişə bilər. Məsələn, kortizon damcılarının uzun müddətli istifadəsi göz təzyiqinin yüksəlməsinə və kataraktanın yaranmasına səbəb ola bilər. Bu səbəblə göz müalicəsi zamanı həkimin tövsiyə etdiyi istifadə üsuluna əməl etmək lazımdır.
Həkimin təkrar müayinəyə çağırmağının səbəblərindən biri də istifadə olunan dərmanların əks təsirlərini izləməkdir. Vaxtında asanlıqla aradan qaldırıla bilən bir yan təsir, nəzarət edilmədikdə uzun müddətdə mənfi nəticələrə səbəb ola bilər. Qeyd edək ki, sadalanan təhlükələr məlhəmlərə də aiddir.