Uşaqlarda göz xəstəlikləri müxtəlif səbəblərdən yarana bilər. Bu, həm anadangəlmə həmçinin sonradan yarana bilər. Bu məqaləmizdə körpə və uşaqlarda tez-tez rast gəlinən göz xəstəlikləri barədə sizləri məlumatlandırmaq istədik.
Körpələrdə gözyaşı kanalının tıxanması nədir?
Yeni doğulmuş körpənin bir və ya hər iki gözündə davamlı sulanma və ifrazat varsa, oftalmoloqa müraciət edilməlidir. İlk 12 ayda sadəcə gözyaşı kisəsi nahiyəsini masaj etməklə kanal tıxanıqlığı öz-özünə açıla bilər. Açılmazsa, bir yaşdan sonra anestezisiya edilməli və kanal probla açılmalıdır. 18 aydan sonra prob ilə müalicənin nəticəsinin uğurlu olma ehtimalı azalır və daha böyük yaşlarda əməliyyatla həll edilir.
Anadangəlmə katarakta və göz təzyiqi (qlaukoma) nədir?
Yeni doğulan körpənin göz bəbəyi ağdırsa, dərhal həkimə müraciət edilməlidir. Bu, anadangəlmə kataraktanın əlamətidir. Nadir hallarda da olsa göz şişi və ya anadangəlmə hiperplastik vitreus kimi xəstəliklər də bu görünüşə səbəb ola bilər. İnkişaf edə biləcək göz təmbəlliyinin qarşısını almaq üçün katarakta müalicəsi mümkün qədər tez aparılmalıdır.
Göz şişləri də erkən diaqnozla müalicə edilə bilər. Körpələrdə ciddi xəstəlik olan qlaukomanın (yüksək göz təzyiqi) ilk vaxtlarda heç bir əlaməti olmasa da, zaman keçdikcə gözün böyüməsi ilə müşahidə olunur. İşığa həssaslıq və sulanma da ümumi səbəblərdəndir. Müalicə erkən aparılmalıdır. Aparılmadıqda gözün şəffaf təbəqəsi (buynuz qişa) ağarır. Bu, körpənin görmə qabiliyyətini itirməsinə səbəb olur. Bu halda da əməliyyat mütləqdir.
Uşaqlarda çəpgözlük
Çəpgözlük, gözün paralelliyinin pozulması və sürüşməsidir. Uşaqların təxminən 4 faizində rast gəlinir. Çəpgözlük meydana gəldiyi zaman bir göz düz baxarkən, digər göz içəriyə, xaricə, yuxarıya və ya aşağıya doğru baxa bilər. Sürüşmə bir gözdə və ya fərqli vaxtlarda fərqli gözlərdə müşahidə oluna bilər.
İlk aylarda körpələrdə burun kökünün genişliyinə görə yalançı çəpgözlük görünə bilər, həmçinin görmə qabiliyyəti inkişaf edərkən, gözlərin axtarış hərəkətləri qısa müddətli yerdəyişmələrə səbəb ola bilər. Bu hal normal olsa da, oftalmoloq yenə də vəziyyətə nəzarət etməlidir.
Doğuşdan və ilk 6 aydan sonra müşahidə edilən daimi sürüşmələrlə bağlı oftalmoloqa məlumat vermək lazımdır. Bundan əlavə, katarakta, göz şişləri, göz qüsurları, nevroloji xəstəliklər və travmatik göz əzələsinin sinir iflici gözün yanlış formalaşmasına səbəb ola bilər.
Çəpgözlüyün səbəbləri nələrdir?
Göz əzələlərindəki balanssız yerləşmə, bu əzələləri idarə edən beyin mərkəzlərinə təsir edən serebral palsi, daun sindromu, hidrosefali kimi xəstəliklər, katarakta, qlaukoma, göz şişləri və travmatik zədələr gözlərin paralelliyini pozur. Gözlərdə hipermetropiya və miyopiya kimi qüsurlar gözün yanlış formalaşmasına və göz təmbəlliyinə səbəb ola bilər. Müalicə problemin səbəbinə əsaslanır, eynək və oklüziya terapiyasından istifadə etməklə həyata keçirilir. Vəziyyətdən asılı olaraq cərrahi müdaxilə də tələb oluna bilər.
Körpələrdə və uşaqlarda görmə pozuntularının əlamətləri hansılardır?
Körpənin gözündə içə doğru sürüşmə varsa, adətən hipermetropiya və göz təmbəlliyi də var deməkdir. Körpələr və uşaqlar televizora yaxından baxırsa, kitaba və ya komputerə çox yaxınlaşırsa, daim gözlərini qırpırsa, başını müəyyən bir formaya salaraq görməyə çalışırsa və ya gözlərini qıyaraq baxırsa, mütləq oftalmoloqa müraciət edilməlidir.
Körpəni göz həkiminə nə zaman aparmaq lazımdır?
Ümumiyyətlə, ilk göz müayinəsi ilk 2-6 ay, ikinci göz müayinəsi isə 6-12 ay arasında aparılmalıdır. Sonrakı dövrdə göz müayinəsi hər il təkrarlanmalıdır. Valideynlər körpədə hər hansı bir göz xəstəliyindən şübhələnirlərsə, dərhal oftalmoloqa müraciət etməlidirlər.
Göz müayinəsi yeni doğulmuş körpədə də edilə bilər. Belə ki, müayinə üçün müəyyən aya, yaşa çatmağa ehtiyac yoxdur. Körpə müayinəsi çətindir, lakin mümkünsüz deyil. Lazım gələrsə, anesteziya altında müayinə aparılır. Diaqnoz nə qədər tez qoyulsa, müalicə bir o qədər effektiv davam edir. Körpələr də eynək taxa bilirlər və gözlənildiyindən daha asan uyğunlaşırlar.
Göz tənbəlliyi nədir? Müalicəsi varmı?
Uşaqlarda göz tənbəlliyi çəpgözlükdən, anadangəlmə kataraktadan, göz qapağının sallanması kimi səbəblərdən yaranır. Tənbəl gözlərdə görmə bulanıqlaşır. Beyin bu bulanıq görüntüləri inkar edir, aydın görüntülərə daha çox inanır, həmçinin çəpgözlükdə də göz ikiqat görüntüləri inkar edir.
Göz tənbəlliyi gözdəki görmə hüceyrələrinin öz funksiyalarını (görmə vəzifələrini) unutması nəticəsində meydana gəlir. Müalicə zamanı gözdə görmə qüsuru varsa, eynək verilir, yaxşı görən göz bağlanır və tənbəl göz aktiv işlədilir. Əgər çəpgözlük varsa, əvvəlcə göz tənbəlliyi məşq edilir, sonra sürüşmə düzəldilir. İlk 8-10 ildə göz tənbəlliyini müalicə etmək mümkündür. Sonrakı yaşlarda müalicə çox vaxt uğursuz olur.
Eynək taxmaq eynək dərəcəsinin azalmasına və ya artmasına səbəb olurmu?
Eynək taxmaq nömrənin azalmasına və ya artmasına səbəb olmur. Eynək obyektivdir və görmə qabiliyyətini yaxşılaşdırır. Miyopiya, hipermetropiya və astiqmatizm gözün quruluşunun nəticəsidir. Məqsəd eynək taxaraq bu struktur pozğunluğun səbəb olduğu fokuslanma problemini düzəltməkdir. Göz quruluşunu eynəklə dəyişmək mümkün olmadığı üçün nömrəsinin artmasına və ya azalmasına səbəb olmur.
Uşaqlarda görmə qabiliyyətinin pozulması onların məktəbdəki uğurlarına təsir edirmi?
Bəli, təsir edir. Göz qüsuru varsa, uşaq məktəbdə müəllimin lövhədə nə yazdığını aydın görə bilmir. Buna görə də uşaqlar dərsə həvəssiz yanaşa bilirlər. Bu halda göz yorğunluğu və baş ağrısı kimi şikayətlər meydana gəlir. Öyrənməyin əsas elementlərindən biri görməkdir. Görmə qabiliyyəti zəifdirsə, bu, uğurlarımıza da təsir edir.