Diabetik retinopatiya torlu qişanın damarlarındakı yaranan dəyişikliklər nəticəsində baş verir. Diabetik retinopatiya iki mərhələdən ibarətdir:
- Qeyri-proliferativ retinopatiya qan damarlarının şişməsi və sızması, yüngül görmə itkisinə səbəb ola biləcək makulyar ödemə səbəb olan xəstəliyin ilkin mərhələsidir.
- Proliferativ retinopatiya, torlu qişanın səthində anormal yeni qan damarlarının meydana gəldiyi xəstəliyin inkişaf etmiş bir mərhələsidir.
Diabetik retinopatiyanın tam qarşısını almaq mümkün olmasa da, tədbir görülməklə xəstəliyin inkişaf və ya irəliləmə riskini azaltmaq olar. Qan şəkərinizi nəzarət altında saxlamaq retinopatiyanın başlanğıcını ləngidir və daha da pisləşməsinin qarşısını alır, həmçinin lazer əməliyyatı və ya digər ciddi retinopatiya müalicəsi prosedurlarına ehtiyacı azaldır.
Diabetik retinopatiyanın səbəbi nədir?
Diabetik retinopatiya torlu qişadakı qan damarlarında baş verən dəyişikliklər nəticəsində yaranır. Diabetik retinopatiyadan əziyyət çəkən bəzi insanlarda torlu qişadakı qan damarları şişə və maye sıza bilər. Hətta bu dəyişikliklər zamanla ciddi görmə itkisinə səbəb ola bilər.
Kimlər diabetik retinopatiya riski altındadır?
Diabetli hər kəs diabetik retinopatiya riski altındadır. Şəkərli diabetiniz nə qədər uzun müddətlidirsə, diabetik retinopatiyanın inkişaf etmə ehtimalı bir o qədər yüksəkdir.
Əlamətləri nələrdir?
Diabetik retinopatiyanın ilkin mərhələlərində heç bir əlamət görülməyə bilər və xəstəlik pisləşənə qədər görmə qabiliyyətiniz təsirlənməyə bilər. Xəstəlik irəlilədikcə bulanıq və ya cüt görmə, bir və ya hər iki gözdə ağrı və ya təzyiq müşahidə oluna bilər.
Diabetik retinopatiya nəticəsində makula ödemi adlanan bir vəziyyət yarana bilər. Makula ödemi tor qişanın orta hissəsi olan makula sızan maye nəticəsində yaranır.
Diabetik retinopatiyanın diaqnozu
Diabetik retinopatiyanın diaqnozu üçün oftalmoloqunuz sağlamlıq tarixçənizi nəzərdən keçirdikdən və göz müayinəsindən sonra aşağıdakı testləri həyata keçirə bilər:
- Görmə kəskinliyi testi. Müxtəlif məsafələrdə mərkəzi görmə qabiliyyətini ölçən test.
- Tonometriya. Göz daxilində təzyiqi ölçmək üçün standart bir testdir.
- Göz bəbəyinin genişlənməsi. Göz dibinin və tor qişasının ətraflı təsviri üçün göz bəbəyiniz göz damcıları ilə genişləndirilir.
- Oftalmoskopiya. Həkiminizin xüsusi böyüdücü şüşədən istifadə edərək retinaya çox yaxından baxdığı müayinə.
- Flüoresan angioqrafiya. Gözdəki qan damarlarını göstərmək üçün qan dövranına üzvi boyanın vurulduğu bir test.
- Optik koherens tomoqrafiya. Retinanın ətraflı təsvirlərini yaratmaq üçün istifadə edilən bir test.
Diabetik retinopatiya necə müalicə olunur?
Diabetik retinopatiyanın müalicəsi simptomlarınızdan, yaşınızdan, ümumi sağlamlığınızdan və xəstəliyinin şiddətindən asılı olaraq müəyyən olunur.
İnkişaf etmiş retinopatiyası olan insanlar, tor qişa ciddi zədələnmədən əvvəl müalicə olunmalıdırlar.
Diabetik retinopatiyanın müalicə üsulları aşağıdakılardır:
- Lazer əməliyyatı. Bu üsul tez-tez proliferativ retinopatiya və bəzən makula ödemini müalicə etmək üçün istifadə olunur. Bu, anormal qan damarlarını daraltmaq və ya sızan damarları bağlamaq məqsədi daşıyır.
- Vitrektomiya. Vitrektomiya gözün mərkəzini dolduran jele kimi maddənin (vitreus) çıxarılmasını əhatə edən bir prosedurdur.
- İnyeksiyalar. Retinanın anormal damarlarının böyüməsini yavaşlatmaq və makula ödemini müalicə etmək üçün gözə vurulan müəyyən dərmanlardır.
Diabetik retinopatiyanın qarşısını almaq olarmı?
Diabetik retinopatiyanın inkişafının qarşısını almaq çətin olsa da, xəstəliyin inkişaf və ya irəliləmə riskini azaltmaq mümkündür.
– İldə bir dəfə diabetik göz müayinəsindən keçin
Diabetli qadınlar hamiləlikdən əvvəl və ya birinci trimestrdə göz müayinəsindən keçməlidirlər. Retinopatiyanın şiddətindən asılı olaraq, hər üç aydan bir və doğumdan sonra bir il ərzində müayinələr davam etdirilməlidir.
– Diabetin müalicə planına əməl edin
Müalicənizdən əldə edəcəyiniz faydanı artırmaq üçün məsləhətlərə əməl etməkdə fayda var.
– Dərmanlarınızı həkiminizin göstərişinə uyğun qəbul edin.
– Qan şəkərinin səviyyəsini nəzarət altında saxlamaq üçün sağlam və balanslı qidalanmaya yiyələnin.
– Qan şəkərini azaltmaq və orqanizmin qan şəkərindən istifadəsinə kömək etmək üçün məşq edin.
– Qan şəkərinizin səviyyəsini mütəmadi olaraq yoxlayın.
– Hemoqlobin A1c səviyyənizi müntəzəm olaraq yoxlayın.
– Sidikdə keton səviyyəsini müntəzəm olaraq yoxlayın.
– Diabetinizi nəzarətdə saxlamaq üçün mütəmadi olaraq müayinələrdən keçin.