Göz təzyiqi, göz kürəsinin daxilindəki mayenin təzyiqidir. Gözümüz şara bənzəyir, sümük quruluşu yoxdur, bu səbəbdən daxilindəki təzyiqli maye sayəsində yumru kürə formasını saxlayır və biz görürük.
Göz təzyiqi çox aşağı düşdükdə, göz sönən şar kimi kiçilir və görmə itirilir. Bu səbəblə göz daxilində müəyyən bir təzyiqə ehtiyacımız var.
Bu təzyiqə göz təzyiqi deyirik. Göz təzyiqi 6 mmHg-dən (civə sütunu millimetri) aşağı düşərsə, gözdə problemlər başlayır, görmə pozulur. Daha aşağı dəyərlərə düşərsə, göz sönməyə və kiçilməyə başlayır.
Digər tərəfdən, göz daxilindəki təzyiq, yəni göz təzyiqi çox yüksələrsə, gözümüzün beyinlə əlaqəsini təmin edən sinir hüceyrələri ölməyə başlayır, görmə sinirimiz zədələnir, əvvəlcə görmə sahəmiz pozulur və sonra görmə tamamilə itirilir, qalıcı korluq yaranır. Buradan da göründüyü kimi, göz təzyiqi nə çox aşağı, nə də çox yüksək olmalıdır. Bəs bu dəyərlər nədir?
Normal göz təzyiqi neçədir?
Göz təzyiqi mövzusunda bir norma demək mümkün deyil. Bəzi insanlar 10 mmHg göz təzyiqi ilə kor ola bildiyi halda, bəzi fərdlər həyat boyu 28 mmHg ilə görmə sinirləri zədələnmədən yaşaya bilirlər. Bu nöqtədə normadan deyil, cəmiyyətin ortalama göstəricilərindən danışmaq olar.
İnsanların böyük əksəriyyətində göz təzyiqi 16-21 mmHg arasında ölçülür. Bu dəyərlər cəmiyyətin ortalama göstəriciləridir. Ancaq bu dəyərlər fərdlərin şəxsi xüsusiyyətlərini göstərmir.
Göz təzyiqi neçə olsa təhlükəlidir?
Yuxarıdakı paraqrafda qeyd etdiyim kimi, göz təzyiqinin ümumi ortalaması 21 mmHg-dən aşağı olsa da, hər bir fərd üçün təhlükəsiz dəyər fərqlidir. Əhəmiyyətli olan, həmin fərdin görmə sinirinə zərər verməyən dəyərin neçə olduğudur.
Sinir zədələnməsi olmasa belə, 28 mmHg-dən yuxarı olan göz təzyiqlərinin böyük ehtimalla sinirdə zədələnmə yaradacağı fərz edilərək aşağı salınmalıdır. Xülasə etsək, göz təzyiqinin neçə olduğu deyil, həmin fərdə zərər verən dəyər təhlükəlidir.
Göz təzyiqi özünü necə büruzə verir?
Göz təzyiqinin yüksəlməsi çox məkrli bir xəstəlikdir. Çox yüksək, yəni 40 mmHg-dən yuxarı olmadığı müddətcə, hətta bəzən 50 mmHg-dən yuxarı qalxmadıqca xəstələr bunun fərqinə varmır. Bilməyin yeganə yolu göz həkiminin (oftalmoloqun) göz təzyiqinizi ölçməsidir.
Bu ölçməyə əlavə olaraq görmə sinirinin tomoqrafiyasının, yəni OCT müayinəsinin aparılması da həyati əhəmiyyət daşıyır, çünki sinirdə zədələnmənin olub-olmadığını ən erkən göstərən üsul budur.
Göz təzyiqi yüksələndə nə olur?
Göz təzyiqinin yüksəldiyi vəziyyətə okulyar hipertenziya deyirik. Bu, yüksək göz təzyiqinin olmasına baxmayaraq, görmə sinirinin zədələnmədiyi vəziyyəti ifadə edir. Bəzi fərdlərdə bu yüksək təzyiq sinirə zərər verməyə başlayır və qlaukoma xəstəliyi ortaya çıxır.
Qlaukoma, tərifə görə, görmə sinirindəki hüceyrələrin ölməyə başlaması və görmənin zərər görməsi vəziyyətində göz təzyiqinə verilən addır. Deyildiyi kimi, bəzən yüksək təzyiq gözə zərər vermir, bəzən də yüksək olmasa belə, göz təzyiqi sinir hüceyrələrini öldürməyə başlayır və görmə itkisi inkişaf edə bilər. Burada nəzərdə tutulan mərkəzi görmə deyil, görmə sahəsidir.
İtki xəstə tərəfindən fərq edildikdə, artıq geri dönməz, gec mərhələyə gəlinmiş olur. Bu səbəblə müntəzəm yoxlanışlar və OCT (göz tomoqrafiyası) ilə görmə sinirinin qiymətləndirilməsi çox vacibdir.
Göz təzyiqi baş ağrısı verirmi?
Göz təzyiqi çox yüksələrsə baş ağrısı yarana bilər, ancaq bu, nadir bir haldır. Əksər xəstələrdə yüksələn göz təzyiqi heç bir əlamət vermir.
Göz təzyiqinə yaxşı təsir edən qidalar?
Əsasən, göz təzyiqini aşağı salan xüsusi bir qida yoxdur. Göz təzyiqinin gözə zərər verməməsi üçün ümumi sağlamlığımızın yaxşı olması vacibdir. Damar sərtliyi yaradan hipertenziya (yüksək qan təzyiqi), xolesterol yüksəkliyi, siqaret istifadəsi kimi amillərdən uzaq durmaq lazımdır.
Göz təzyiqi necə aşağı salınır?
- Göz təzyiqi damlaları,
- Göz təzyiqini aşağı salan həblər (nadir hallarda istifadə olunur),
- Təcili hallarda serumlar (sistemlər),
- Lazer müalicələri,
- Göz təzyiqi əməliyyatları,
- Katarakta əməliyyatı da göz təzyiqini bir qədər aşağı salır.
Vacib Xəbərdarlıq: Bu məqalə yalnız məlumatlandırma məqsədi daşıyır və peşəkar tibbi məsləhəti, diaqnozu və ya müalicəni əvəz etmir.