Göz qapağı əməliyyatı (blefaroplastika)

Göz qapağı əməliyyatı (blefaroplastika)

Blefaroplastika

Göz qapağı əməliyyatı (blefaroplastika)

Göz qapağı əməliyyatı (blefaroplastika)

Blefaroplastika əməliyyatı üst və alt göz qapaqlarındakı artıq dərini, sallanmanı və göz altı torbalarını aradan qaldıran cərrahi müdaxilədir.

Güzgüdə baxanda gözlərinizin yorğun, əsəbi və ya olduğunuzdan yaşlı göründüyünü hiss edirsinizsə, yaxud sallanan qapaq görmə sahənizi daraldırsa, bu məqalə sizin üçündür.

Burada əməliyyatın nə olduğunu, kimlərə lazım olduğunu, necə aparıldığını, bərpa dövrünü və mümkün risklərini sadə dillə izah edəcəyik.

Blefaroplastika həm estetik, həm də funksional məqsədlə edilə bilir. Yəni bəzən söhbət yalnız gözəl görünüşdən yox, daha rahat görmədən və gündəlik həyat keyfiyyətindən gedir.

blefaroplastika əməliyyatı

Bəzi hallarda göz qapağı əməliyyatı zamanı əlavə olaraq göz ətrafındakı incə qırışların və ləkələrin aradan qaldırılması, qaş və ya alın qaldırma kimi prosedurlar da edilə bilər.

Blefaroplastika nədir?

Blefaroplastika (yunanca blepharon – göz qapağı, plastike – formalaşdırma) göz qapaqlarının cərrahi yolla düzəldilməsi əməliyyatıdır. Əməliyyat zamanı artıq dəri, bəzən əzələ və çıxıntı verən piy toxuması götürülür və ya yenidən yerləşdirilir.

Göz qapaqları gözün qoruyucu pərdəsidir. Onlar gözü quruluqdan, toza və zədədən qoruyur, göz yaşını bərabər paylayır. Qapaq dərisi bədənin ən nazik dərisidir (təxminən 1 mm), ona görə də yaşlanma əlamətləri ilk burada nəzərə çarpır.

Blefaroplastika əməliyyatının əsas növləri bunlardır:

Üst blefaroplastika

Üst qapağın dərisi sallanıb kirpik xəttinin üzərinə düşdükdə, qapaqda “ağırlıq” hissi yaranır. Əməliyyat zamanı qapağın təbii qıvrımı boyunca kəsik açılır, artıq dəri (lazım gələrsə, əzələ və piy hissəsi) çıxarılır və kəsik nazik tikişlə bağlanır. Kəsik qapağın təbii qıvrımında gizləndiyi üçün iz sonradan az nəzərə çarpır. Əməliyyat orta hesabla 1 saat çəkir.

Alt blefaroplastika

Alt qapaqda əsas problem adətən “göz altı torbaları”dır. Bunlar gözü qoruyan piy yastıqlarının qabağa çıxması və ətrafdakı toxumaların boşalması nəticəsində yaranır. Kəsik kirpiklərin altından açıla bilər. Dərinin artıq olmadığı, yalnız piy çıxıntısı olan hallarda isə qapağın daxili səthindən (dərini kəsmədən) də müdaxilə etmək mümkündür. Əməliyyat təxminən 1-2 saat davam edir.

Kombinə əməliyyat

Üst və alt qapaqlar eyni seansda əməliyyat oluna bilər. Lazım olarsa, qaş və ya alın qaldırma kimi əlavə prosedurlarla da birləşdirilir. Ümumi müddət 1-3 saat arasında dəyişir.

Blefaroplastika əməliyyatı qiyməti

Blefaroplastika əməliyyatının qiyməti hər pasiyent üçün eyni deyil. Ona görə də qiyməti yalnız müayinədən sonra dəqiq demək mümkündür.

Qiymətə təsir edə bilən əsas amillər bunlardır:

  • Əməliyyatın növü: yalnız üst qapaq, yalnız alt qapaq və ya hər ikisi
  • Problemin dərəcəsi: artıq dərinin və piy toxumasının miqdarı, qapağın vəziyyəti
  • Əlavə prosedurlar: məsələn, qaş qaldırma və ya göz altı boşluğunun doldurulması
  • Anesteziya növü: lokal anesteziya, sedasiya və ya ümumi anesteziya
  • Əməliyyatın müddəti və müşahidə tələbi: əməliyyatdan sonra klinikada qalmaq lazım olub-olmaması

Bu səbəbdən internetdə və ya telefonla öncədən deyilən ümumi qiymət sizin vəziyyətinizi dəqiq əks etdirməyə bilər. Müayinə zamanı həkim sizin üçün uyğun əməliyyat planını müəyyən edir və qiymət də bu plana əsasən açıqlanır. Aktual qiymət və konsultasiya üçün əlaqə səhifəsi vasitəsilə müraciət edə bilərsiniz.

Blefaroplastika əməliyyatı kimlərə lazım ola bilər?

Aşağıdakı əlamətlər qapaq əməliyyatı barədə düşünmək üçün səbəb ola bilər:

  • Üst qapağın dərisinin sallanıb kirpiklərə yaxınlaşması və ya onları örtməsi
  • Görmə sahəsinin yuxarıdan daralması (xüsusilə oxuyanda və ya maşın sürəndə)
  • Alın əzələlərinin gözü açıq saxlamaq üçün daim gərilməsi, alında qırışlar və baş ağrıları
  • Göz altında ödəmə bənzər torbalar və ya “yorğun” görünüş
  • Makiyaj etməkdə çətinlik (göz kölgəsinin qapaq qatına düşməsi)
  • Qapaqda artıq dəri qırışlar və qatlar əmələ gətirməsi

Vacib qeyd: sallanan qapaq həmişə artıq dəri demək deyil. Bəzən problem qapağı qaldıran əzələnin zəifliyidir (bu vəziyyət ptoz adlanır) və ya qaşın özünün aşağı düşməsidir. Bu hallarda blefaroplastika tək başına kifayət etməyə bilər, başqa texnika və ya əlavə müdaxilə lazım olur. Düzgün müəyyən etmək üçün müayinə vacibdir.

Göz qapaqlarında sallanma və torbalanma nədən yaranır?

Qapaq dəyişikliklərinə bir neçə amil təsir edir:

  • Yaşlanma: Dərinin elastikliyi (kollagen və elastin lifləri) zamanla azalır, qapaq əzələləri və bağlar boşalır. Ən əsas səbəb budur.
  • İrsiyyət: Bəzi insanlarda qapaq sallanması və ya göz altı torbaları gənc yaşda, hətta 20-30 yaşlarda da başlaya bilər.
  • Günəş şüası: Qoruyucusuz uzunmüddətli günəş təsiri dərinin yaşlanmasını sürətləndirir.
  • Siqaret və alkoqol: Dəri toxumasının qidalanmasını pisləşdirir.
  • Yuxu və həyat tərzi: Qeyri-müntəzəm yuxu, stress və həddindən artıq duz qəbulu qapaq ödeminə kömək edə bilər.
  • Allergiya: Təkrarlanan göz allergiyası göz ətrafında şişkinliyə və gözü ovuşdurmaqla dərinin zədələnməsinə səbəb ola bilər.
  • Bəzi sistem xəstəlikləri: Məsələn, qalxanabənzər vvəzin bəzi xəstəlikləri qapaq şişkinliyi yarada bilər. Bu hallar əvvəlcə dəqiq araşdırılmalıdır.

Üst göz qapağı əməliyyatı – Üst Blefaroplastika

  • Əməliyyat venadaxili sedasiya və lokal anestezisiya altında keçirilir.
  • Əməliyyatın müddəti deformasiya dərəcəsinə və tətbiq olunacaq cərrahi texnikaya görə dəyişsə də, orta hesabla 1 saat çəkir.
  • Qaşın xarici hissəsində də eyni seansda eyni kəsiklə liftinq edilə bilər.
  • Üst blefaroplastika üz gərmə kimi digər plastik əməliyyatlarla birləşdirilə bilər.
  • Əməliyyatdan əvvəl işarələnmiş dəri və əzələlər zolaq şəklində çıxarılır. 
  • Əməliyyatın sonunda içəridə qalması üçün tikişlər qoyulur və tikiş xətti nazik lentlə bağlanır. Göz tam bağlanmır, az da olsa görmək mümkündür.
  • Əməliyyatdan 4-5 gün sonra lentlər çıxarılır və çimmək olar.
  • Cərrahi kəsik göz qapağının dərinlərində olduğu üçün diqqət çəkmir.

Alt göz qapağı əməliyyatı – Alt Blefaroplastika

  • Aşağı göz qapağının dərisi və onun altındakı nazik əzələ təbəqəsi bəzən boşalır və ya sallanır. Dərində yerləşən piy yastıqları da “göz altı torbası” adlanan deformasiyaya səbəb olur.
  • Alt göz qapağının bir qədər altında yerləşən (yanaq sümüyü nahiyəsindəki) yumşaq toxumalar quruluşu və ya yaşlanma səbəbi ilə aşağı doğru yerdəyişmə edir. Bu da göz altı torbası adlanan boşluq əmələ gətirir. Odur ki, daha ideal nəticə əldə etmək üçün çox vaxt əməliyyat zamanı bu boşluğu doldurmaq üçün əlavə cərrahi əməliyyat aparmaq lazım gəlir. 
  • Əməliyyat venadaxili sedasiya və lokal anestezisiya altında həyata keçirilə bilər və ya digər prosedurlarla birləşdirilib ümumi anestezisiya altında edilə bilər.
  • Kirpiklərin altından ona paralel olaraq bir kəsik açılır. Artıq dəri və əzələ zolaq şəklində çıxarılır. Yığılan yağ yastıqları, əgər varsa, müdaxilə edilir. Yayılmış əzələ toxuması sıxılır. Göz qapağının çox boş olduğu hallarda əlavə sıxma prosedurları həyata keçirilir. Son mərhələdə daxili və xarici tikişlər qoyulur, lentlər vurulur və əməliyyat sonlandırılır.
  • Göz qapağının dərisinin boş olmadığı və yalnız piy kisəsinin olduğu hallarda, göz qapağının daxili hissəsindən edilən kəsiklə yalnız piy kisəsi çıxarıla bilər.
  • Göz altı torbası əməliyyatı təxminən 1-2 saat çəkir.
  • Əməliyyatın sonunda göz qapaqları şişlik səbəbi ilə müvəqqəti olaraq tam bağlanmaya bilər. 
  • Lokal anesteziya altında aparılan əməliyyatdan sonra xəstə evə gedə bilər, lakin ilk gecəni xəstəxanada keçirmələri tövsiyə olunur. 
  • Xarici tikişlər 3 gündən sonra çıxarılır və onların yerinə dəstəkləyici lent çəkilə bilər.

Əməliyyatdan əvvəl müayinə: niyə oftalmoloqun rolu vacibdir?

Göz qapağı gözün özünə çox yaxındır. Əməliyyatın nəticəsi yalnız görünüşdən deyil, gözün sağlamlığından da asılıdır. Buna görə ilkin müayinə yalnız “estetik baxış” ilə məhdudlaşmamalıdır.

Əməliyyatdan əvvəl adətən bunlar qiymətləndirilir:

  1. Şikayətlər və tibbi tarix: Hansı problemdən narahatsınız, daim istifadə etdiyiniz dərmanlar, allergiyalar, keçirilmiş əməliyyatlar.
  2. Göz müayinəsi: Görmə itiliyi, göz təzyiqi, gözün ön və arxa hissəsinin vəziyyəti. Əgər görmə ilə bağlı problemlər varsa, əvvəlcə onlar müalicə olunmalıdır. Müayinənin bir hissəsi kimi görmə testi də faydalı ola bilər.
  3. Quru göz qiymətləndirilməsi: Qapaq əməliyyatından sonra göz quruluğu müvəqqəti artа bilər. Əvvəldən quru göz sindromu olan şəxslərdə bu daha diqqətlə nəzərə alınmalıdır.
  4. Qapağın və qaşın vəziyyəti: Dəri artıqlığının miqdarı, qapaq əzələsinin gücü, qaşın mövqeyi, qapağın tonusu.
  5. Qapağın bağlanması: Gözün tam bağlanıb-bağlanmadığı yoxlanılır.
  6. Fotoşəkillər və kəsik xəttinin işarələnməsi: Əməliyyatdan əvvəl və sonra müqayisə üçün istifadə olunur.

Bəzi hallarda görmə sahəsi müayinəsi aparılır. Bu, sallanan dərinin görməni nə dərəcədə məhdudlaşdırdığını göstərir.

Nəticədə həkim sizə əməliyyatın uyğun olub-olmadığını, hansı texnikanın daha yaxşı olacağını və real gözləntiləri izah edir. Dürüst məsləhətləşmə yaxşı nəticənin əsasıdır.

Blefaroplastika əməliyyatına hazırlıq

Əməliyyatdan əvvəl həkimin tövsiyələrinə dəqiq əməl etmək fəsadların riskini azaldır:

  • Dərmanlar: Qan durulduçu dərmanlar, aspirin, bəzi bitki preparatları və vitamin əlavələri qanaxma riskini artıra bilər. Onları yalnız həkiminizlə razılaşdıraraq, göstərilən müddətdə dayandırın. Özbaşına dərman kəsməyin.
  • Qan təzyiqi: Hipertoniyası olanlar dərmanlarını müntəzəm içməli və təzyiqi nəzarətdə saxlamalıdır.
  • Siqaret və alkoqol: Müvəqqəti də olsa, əməliyyatdan əvvəl və sonra tərk edilməsi sağalmanı yaxşılaşdırır.
  • Kontakt linzalar: Əməliyyat günü linza taxmayın. Linza istifadəçiləri üçün əlavə məlumatı kontakt linza haqqında məqalədən oxuya bilərsiniz.
  • Müşayiətçi: Əməliyyatdan sonra evə qayıdarkən yanınızda kimsənin olması məsləhətdir.

Əməliyyat necə keçir?

Blefaroplastika steril əməliyyat otağında aparılır. Seçim sizin vəziyyətinizdən və planlaşdırılan əməliyyatın həcmindən asılıdır:

  • Lokal anesteziya: Qapaq nahiyəsi uyuşdurulur, ağrı hiss etmirsiniz.
  • Venadaxili sedasiya + lokal anesteziya: Rahat, yarı yuxulu vəziyyətdə olursunuz.
  • Ümumi anesteziya: Daha geniş və ya kombinə əməliyyatlarda tətbiq oluna bilər.

Əməliyyatdan əvvəl kəsik xətləri işarələnir. Sonra artıq dəri, lazım olan hallarda əzələ və piy toxuması çıxarılır, bəzən piy toxuması yenidən paylanır. Sonda kəsik nazik tikişlərlə bağlanır, dəstəkləyici lent yapışdırılır.

Əməliyyatdan sonra qısa müddət müşahidədən keçirsiniz. Alt qapaq əməliyyatlarında və ya kombinə hallarda həkim ilk gecəni müşahidə altında keçirməyi tövsiyə edə bilər.

Bərpa dövrü: nə gözləməli?

Bərpa hər insanda fərqli gedir, lakin ümumi gedişat belədir:

DövrNə gözləmək olar
İlk 48 saatŞişkinlik, bəzən göyərmə, gözdə gərginlik hissi
3-cü gündənŞişkinlik azalmağa başlayır
3-5-ci günTikiş və ya lentlər həkim tərəfindən çıxarılır (texnikadan asılıdır)
1 həftəÇoxları gündəlik işlərinə qayıda bilir
2 həftəKontakt linza istifadəsi üçün adətən şişkinliyin azalması gözlənilir
3-4 həftəŞişkinliyin böyük hissəsi keçir
1 ayYüngül idmana başlamaq olar (həkimin icazəsi ilə)
2 ay və sonrasıReal nəticə daha aydın görünür

Evdə qulluq üçün əsas tövsiyələr

  • Yatarkən başı bir qədər yuxarı qaldırın, mümkün qədər bel üstə uzanın.
  • İlk 2-3 gündə alın və yanaq sümüklərinə (birbaşa gözə təzyiq etmədən) qısa fasilələrlə soyuq tətbiq edin.
  • Ağır qaldırmaqdan, qəfil irəli əyilməkdən, gərginlikdən və şiddətli öskürəkdən çəkinin. Bunlar təzyiqi artırır.
  • Çox isti suda çimməyin, sauna və hamamdan uzaq durun.
  • Gözü ovuşdurmayın.
  • Günəşdən qorunun: günəş eynəyi, papaq və həkimin məsləhət gördüyü qoruyucu krem. Çapıq nahiyəsini ilk aylarda xüsusilə qoruyun.
  • Quru göz hissi olarsa, həkimin tövsiyə etdiyi süni göz yaşı damcılarından istifadə edin. Göz damcılarının düzgün istifadəsi haqqında məlumatı da oxuya bilərsiniz.
  • Həkimin təyin etdiyi dərman və kontrollara əməl edin. Ağrı olmasa belə, tövsiyələri atlamayın.

İlk həftələrdə iki göz arasında şişkinlik və görünüşdə fərq (asimmetriya) normaldır. Çünki toxumalar hər tərəfdə eyni sürətlə sağalmır. Tələsik nəticə çıxarmayın.

Blefaroplastikanın mümkün riskləri

Hər cərrahi əməliyyat kimi, blefaroplastikanın da riskləri var. Əksəriyyəti müvəqqətidir, lakin onları bilmək vacibdir:

  • Şişkinlik və göyərmə: Çox yayılmışdır, müvəqqətidir.
  • Quru göz və gözdə qum hissi: Xüsusilə üst qapaq əməliyyatından sonra ola bilər, adətən müvəqqətidir.
  • Asimmetriya: İki qapaq arasında cüzi fərq qala bilər.
  • Çapıq: Qapaq dərisi nazik olduğu üçün iz adətən az nəzərə çarpır və zamanla solğunlaşır.
  • Qapağın tam bağlanmaması: Başlanğıcda şişkinlik səbəbindən ola bilər, əksər hallarda keçir.
  • Alt qapağın aşağı çəkilməsi (ektropion): Nadir fəsadlardır, bəzən əlavə müalicə tələb edir.
  • Qanaxma və infeksiya: Nadir hallarda rast gəlinir.
  • Görmənin təhlükə altına düşməsi: Çox nadir, lakin ciddi fəsaddır (məsələn, göz arxasında qanaxma). Əməliyyatdan sonra güclü ağrı, görmənin kəskin pisləşməsi və ya şişkinliyin sürətlə artması varsa, dərhal həkimə müraciət edin.

Təcrübəli cərrah, düzgün seçim və həkim tövsiyələrinə əməl riskləri xeyli azaldır.

Nəticələr nə qədər davam edir?

Blefaroplastikanın nəticəsi uzunmüddətli olur, çoxları üçün illərlə qalır. Lakin əməliyyat yaşlanma prosesini dayandırmır. Zamanla dəri təbii olaraq dəyişməyə davam edir.

Həyat tərzi (günəşdən qorunma, siqaretdən imtina, balanslı həyat) nəticənin uzunömürlülüyünə təsir edir. Alt qapaq torbaları əməliyyatdan sonra qayıtmır, lakin irsi meyl olan şəxslərdə yaşla birlikdə yeni dəyişikliklər ola bilər.

Blefaroplastika üçün həkimi necə seçməli?

  • Cərrahın göz qapağı və göz anatomiyası sahəsində təcrübəsi olmalıdır.
  • Əvvəlki əməliyyatların nəticələrini görmək istəyə bilərsiniz.
  • Sizə yalnız yaxşı tərəfləri deyil, riskləri və real gözləntiləri də dürüst izah edən həkimə üstünlük verin.
  • Əməliyyat sonrası nəzarət və əlçatanlıq vacibdir.

Gözün anatomiyasını yaxşı bilən cərrah-oftalmoloq üçün qapaq əməliyyatı həm estetik, həm də funksional baxımdan daha təhlükəsiz planlaşdırılır.

Dr. Fariz Sadıqov göz xəstəlikləri sahəsində 17 ildən çox təcrübəyə malikdir.

Tez-tez verilən suallar

Blefaroplastika əməliyyatı ağrılıdır?

Əməliyyat anesteziya altında aparıldığı üçün əməliyyat zamanı ağrı hiss etmirsiniz. Sonrakı günlərdə adətən yüngül gərginlik, çəkilmə və ya gözdə qum hissi olur, ciddi ağrı gözlənilmir. Güclü ağrı olarsa, həkimə müraciət etmək lazımdır.

Göz qapağı əməliyyatından sonra nə vaxt işə qayıtmaq olar?

Əksər insanlar 1 həftə sonra işə qayıda bilirlər. Lakin şişkinliyin tam keçməsi 3-4 həftə, yekun nəticənin formalaşması isə təxminən 2 ay çəkə bilər. Əməliyyatın həcmi və işinizin xarakterinə görə bu müddət dəyişə bilər.

Blefaroplastika sonrası izlər qalacaqmı?

Kəsiklər üst qapaqda təbii qıvrımda, alt qapaqda isə kirpik xəttinin altında və ya qapağın daxilində olur. İzlər ilk aylarda görünə bilər, sonra isə tədricən solğunlaşır. Günəşdən qorunma və həkimin tövsiyələrinə əməl iz görünüşünü yaxşılaşdırır.

Blefaroplastika əməliyyatı neçə yaşdan sonra edilir?

Müəyyən yaş həddi yoxdur. Qərar yaşdan çox, qapaqdakı dəyişikliyin dərəcəsindən və şikayətlərdən asılıdır. İrsi səbəblərdən gənc yaşda da lazım ola bilər, bəzi insanlarda isə yalnız yaşlandıqda ehtiyac yaranır. Düzgün qərar ancaq müayinədən sonra verilir.

Göz altı torbası əməliyyatı nə qədər davam edir?

Alt qapaq əməliyyatı adətən 1-2 saat çəkir. Üst və alt qapaq birgə edildikdə, ümumi müddət 1-3 saata qədər uzana bilər. Dəqiq müddət problemin dərəcəsindən və texnikadan asılıdır.

Blefaroplastika görməyə zərər verə bilərmi?

Təcrübəli cərrah tərəfindən düzgün aparıldıqda görmə ilə bağlı ciddi fəsad çox nadirdir. Əksinə, üst qapağı sallanmış insanlarda əməliyyat görmə sahəsini genişləndirə bilər. Əməliyyatdan əvvəl göz müayinəsi riskləri azaltmaq üçün vacibdir.

Konsultasiya üçün

Blefaroplastika əməliyyatı barədə qərar vermək üçün ən düzgün addım fərdi müayinədən keçməkdir. Dr. Fariz Sadıqovla məsləhətləşmək üçün əlaqə səhifəsindən istifadə edə bilərsiniz.

Tibbi qeyd: Bu məqalə yalnız məlumat xarakteri daşıyır və peşəkar tibbi məsləhətin yerini tuta bilməz. Diaqnoz və müalicə üçün mütləq həkimə müraciət edin.

Qeyd: Bu məqalə yalnız məlumat xarakteri daşıyır və peşəkar tibbi məsləhətin yerini tuta bilməz. Diaqnoz və müalicə üçün mütləq həkimə müraciət edin.

Təqlər :

Blefaroplastika

Uzman Cərrah-oftalmoloq