Göz qapağı şişməsi, adətən allergik reaksiyalar, infeksiyalar, travmalar və ya sistemli xəstəliklər kimi müxtəlif səbəblərdən yaranır.
Müalicə üsulu şişkinliyin səbəbindən asılı olaraq dəyişir; düzgün müdaxilə və qulluq ilə adətən qısa müddətdə sağalma əldə etmək mümkündür.

Göz qapağı şişməsi nədir?
Göz qapağının şişməsi gündəlik həyatda tez-tez rast gəlinən bir problemdir. Ağlamaqdan itdirsəyinə, göz infeksiyasından allergiyalara qədər bir çox vəziyyət göz şişməsinin səbəbləri arasındadır. Göz qapağındakı şişkinlik əksər hallarda bir neçə gün ərzində öz-özünə keçsə də, bəzi şişkinliklərin müalicə edilməsi lazımdır.
Şişkinlik həm alt, həm də üst göz qapağına təsir edə bilər. Göz qapağındakı şişkinlik tək gözlə məhdudlaşa biləcəyi kimi hər iki gözdə də yarana bilər.
Göz qapağı şişməsi niyə yaranır?
Göz qapağının şişməsinə səbəb olan bir çox fərqli vəziyyət mövcuddur. Göz qapağı şişkinliyinin müddəti, şiddəti və ya təsir sahəsi; əsas səbəbdən asılıdır.
Tez-tez rast gəlinən göz qapağı şişkinliyinin səbəbləri:
İt dirsəyi
İt dirsəyi göz qapağındakı kiçik vəzilərdən birinin infeksiyası nəticəsində yaranır. İt dirsəyi əvvəlcə göz qapağında ağrılı, qaşınan, kiçik bir qabarıqlıq əmələ gətirir. Sonrakı dövrlərdə bu qabarıqlıq sızanağa bənzər bir hal alır.
Göz qapağında yalnız tək bir vəzinin təsirləndiyi it dirsəyi, adətən müalicəyə ehtiyac olmadan sağalır. İt dirsəyini heç vaxt sıxmağa, partlatmağa çalışmaq olmaz. Bu, infeksiyanın yayılmasına səbəb olur. Həmçinin insanlar makiyaj vasitələrini, göz kremlərini ortaq istifadə etməməlidir.
Xalazion
Göz qapağı kistası kimi də adlandırılan xalazion, görünüşcə it dirsəyinə bənzəyir. Lakin xalaziondakı problem infeksiya deyil, göz qapağındakı piy vəzisinin tıxanmasıdır. Xalazion problemi yaşayan şəxslərdə bu vəziyyət təkrarlana bilər. Xalazion kistası göz qapağında ciddi bir şişkinliyə səbəb olacaq qədər böyüyə bilər. Kista adətən bir neçə gün ərzində öz-özünə keçir. Lakin böyük ölçülü xalazionlar görmə itkisi və şiddətli ağrı kimi əlamətlərə səbəb ola bilər.
Allergiyalar
Göz qapağındakı şişkinliyə gözdə şişkinlik, qaşınma, qızartı və axıntı müşayiət edirsə, əsas səbəbin allergiya olma ehtimalı olduqca yüksəkdir. Toz, tozcuq kimi allergenlər gözü qıcıqlandıraraq allergik reaksiyaların başlamasını tetikləyə bilər.
Allergiya səbəbindən yaranan problemlərdən qurtulmağın ən önəmli yolu allergen təsirinə məruz qalmanı azaltmaqdır. Məsələn, tozcuq allergiyası olan birinin yaz aylarında bayırda keçirdiyi vaxtı məhdudlaşdırması və ya bayırdan gələndə dərhal duş qəbul etməsi kimi davranışlar allergik problemlərin azalmasına kömək edə bilər. Allergik göz şişməsi üçün antihistaminlər istifadə edilə bilər.
Yorğunluq
Yorğunluq, üzgünlük göz qapağı şişkinliyi yarada bilər. Gecə düzgün yata bilməyən şəxslərin səhər oyandıqda göz qapaqları şişə bilər. Kifayət qədər maye qəbul edilməməsi də şişkinlik səbəblərindən biridir.
Ağlamaq
Ağlamaq xüsusilə uzun müddətli və şiddətli olduqda göz və göz qapağındakı nazik qan damarlarının çatlamasına səbəb olur. Bu vəziyyət də göz qapağında şişkinlik yarada bilər. Uzun müddət ağlayan şəxslərin sonradan kifayət qədər su içməməsi də şişkinliyi artıra bilər.
Makyaj istifadəsi (kosmetika)
Dəri qulluq məhsulları və ya makiyaj vasitələri gözə düşdükdə buradakı strukturları qıcıqlandırır. Nəticədə göz və ətraf toxumalarda şişkinlik, qızartı, ağrı kimi əlamətlər yaranır. Şəxsi qulluq məhsullarına qarşı allergiya olduğu halda da bu problemlərlə qarşılaşmaq mümkündür.
Kosmetik məhsullar səbəbindən gözlərində yanma, göz qapaqlarında şişkinlik problemi yaşayan şəxslər süni göz yaşı damcıları istifadə edə bilərlər.
Blefarit
Göz qapağı iltihabı və ya digər adı ilə blefarit, xroniki bir xəstəlikdir. Blefaritdə göz qapağında iltihab mövcuddur və bu iltihab dövr-dövr azalıb arta bilər. İltihaba bağlı olaraq göz qapağında şişkinlik, ağrı kimi əlamətlər görünə bilər.
Göz Yaşı Kanalının Tıxanması
Göz yaşı kanalı tıxandıqda gözdə yaranan göz yaşı axa bilmir və göz qapağı şişməsi, qızartılı hala gəlir. Bu problemi yaşayan şəxslər səhərlər həddindən artıq çapaq yaranması səbəbindən gözlərini açmaqda çətinlik çəkə bilərlər.
Göz yaşı kanalının tıxanması xüsusilə yenidoğulmuş körpələrdə tez-tez rast gəlinən bir problemdir. Tıxanma adətən müalicəyə ehtiyac olmadan düzəlir. Bəzən tıxanan kanal infeksiyaya yoluxa bilər.
Göz qapağındakı bu infeksiya olduqca şiddətli ağrıya səbəb olur. Belə bir vəziyyət aşkar edildikdə vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
Göz infeksiyaları
Konyunktivit, göz kürəsini və göz qapaqlarının iç hissəsini örtən konyunktiva adlı şəffaf təbəqənin iltihabıdır. Konyunktivit xəstələrdə gözdə qızartı, ağrı, qaşınma və göz qapağında şişkinlik əlamətlərinin görünməsinə səbəb olur. Konyunktivitin ən çox rast gəlinən səbəbi viral infeksiyadır.
Viral konyunktivit adətən 7-10 gün ərzində sağalır. Bakteriyalar, allergenlər və qıcıqlandırıcı maddələr də konyunktivit yaranmasına səbəb ola bilər. Konyunktivit əksər hallarda öz-özünə sağalan bir narahatlıq olsa da, şiddətli əlamətləri olan xəstələrə antibiotikli göz damcısı kimi müxtəlif müalicələr tətbiq edilə bilər.
Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün həkim mütəxəssisə müraciət etməyiniz tövsiyyə olunur.