Hipermetropiya (yaxın görmə zəifliyi)

Hipermetropiya (yaxın görmə zəifliyi)

Uncategorized

Hipermetropiya (yaxın görmə zəifliyi)

Hipermetropiya (yaxın görmə zəifliyi)

hipermetropiya

Hipermetropiya (uzaqgörmə) bir görmə qüsurudur və gözləriniz uzaqdakı obyektlərə nisbətən yaxındakı obyektlərə daha zəif fokuslanır.

Hipermetropiya nədir?

Hipermetropiya, yaxını zəif görmə problemi kimi tanınsa da, hipermetropiyası olan insanlar, xüsusilə müəyyən yaşdan sonra uzağı da çox yaxşı görə bilmirlər. Buna görə də hipermetropiya təkcə yaxını zəif görmə problemi deyil. Ancaq uzağı görmə ilə müqayisədə yaxını daha zəif görürlər.

Hipermetropiya vəziyyətini tam anlamaq üçün əvvəlcə normal gözün necə işlədiyini başa düşmək lazımdır. Gözün fokuslanmasında əsasən buynuz qişa (kornea) və büllur (lens) məsuliyyət daşıyır. Buynuz qişa gözün şəffaf və ən ön səthidir.

Büllur isə gözün içindəki obyektlərə fokuslandıqca formasını dəyişən bir quruluşa malikdir. Buynuz qişa və büllurun gələn işığı sındırmaq kimi vəzifələri var və birlikdə işləyirlər. Sonra işığı retina (torlu qişa) adlanan təbəqəyə fokuslayırlar. Retina göz kürəsinin arxasında yerləşir.

Vizual məlumatları alıb, məlumatı beyinə daşıyan görmə sinirinə ötürür. İdeal formadakı büllur və buynuz qişa sayəsində mükəmməl fokuslanmış bir görüntü təmin edilir. Ancaq buynuz qişanın forması fərqli olarsa, göz düzgün fokuslana bilməz.

Gözlərin yaxındakı obyektlərə fokuslanma qabiliyyətinə görə dəyişən hipermetropiya dərəcələri mövcuddur. Yaxındakı obyektləri yaxşı görə bilmirsinizsə və ya yaxından oxuyarkən baş ağrınız olursa, sizdə hipermetropiya ola bilər.

Hipermetropiya yaranma səbəbləri

Gözləriniz işıq şüalarına fokuslandıqda, baxdığınız obyektin görüntüsünü beyninizə göndərir. Hipermetropiya olduqda, işıq şüaları lazım olduğu kimi fokuslana bilmir. Bulanlıq görmənizin səbəbi, gözünüzün ön-arxa oxunun normaldan daha qısa olması və ya fokuslanma gücünün zəifləməsidir.

Belə vəziyyətdə görüntü retinanın arxasında, yəni səhv yerdə formalaşır. Bu halda xüsusilə yaxına fokuslanmada çətinliklər yaranır.

Hipermetropiyanın əlamətləri hansılardır?

Hipermetropiyanın əlamətləri aşağıdakı kimi sıralana bilər:

  • Yaxındakı obyektlərə fokuslana bilməmək
  • Baş nahiyəsində ağrı
  • Bulanıq görmə
  • Gözlərdə yorğunluq
  • Bir şey oxuduqdan sonra yorğunluq və ya baş ağrısı

Əgər eynək və ya kontakt linza taxdığınız halda bu əlamətlər davam edirsə, yeni bir reseptə və ya müalicəyə ehtiyacınız ola bilər. Mütləq həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.

Hipermetropiya diaqnozu necə qoyulur?

Hipermetropiyanı diaqnoz etmək üçün sadə bir göz müayinəsindən keçmək kifayətdir. Göz həkimi qarşınıza bir cədvəl qoyaraq oxumağınızı istəyəcək. Həmçinin müayinədə, işığın retinanızdan necə əks olunduğunu yoxlamaq üçün retinoskop adlı bir cihazdan da istifadə edilə bilər.

Və ya günümüzdə bu ölçmələri avtomatik olaraq həyata keçirən otorefraktometr adlı cihazlar istifadə olunur. Eynək və ya linza üçün ən uyğun resepti təyin etmək məqsədilə foropter adlı test cihazından və ya sınaq eynəklərindən də istifadə edilə bilər.

Yetkinlərdə göz müayinələri

Görmə problemi yaşamayan yetkinlərin 40 yaşından etibarən müntəzəm göz müayinəsindən keçməyə başlaması lazımdır. 40-54 yaş arasında hər 2-4 ildən bir, 55-64 yaş arasında hər 1-3 ildən bir və 65 yaşdan yuxarı isə hər 1-2 ildən bir göz müayinəsindən keçmək tövsiyə olunur.

Əgər sizdə şəkərli diabet, yüksək təzyiq varsa və ya ailənizdə göz xəstəliyi olan fərdlər varsa, göz müayinəsi üçün 40 yaşı gözləməməyiniz və müntəzəm müayinələrə daha tez başlamağınız vacibdir.

Uşaqlarda göz müayinələri

Körpələrin müayinəsi doğuşdan dərhal sonra aparılmalıdır. Çünki uşaqlarda yarana bilən göz tənbəlliyinin (ambliopiya) ən əhəmiyyətli səbəblərindən biri korreksiya edilməmiş hipermetropiyadır. Xüsusilə iki göz arasında 2 dərəcə və ya daha çox fərq olan hipermetropiyalı uşaqlarda göz tənbəlliyi riski olduqca yüksəkdir.

Uşaqların ilk müayinədəki nəticələrinə əsasən müayinə tezliyi həkim tərəfindən tövsiyə edilir. Hər müayinədə əldə edilən nəticələrə görə növbəti müayinənin nə vaxt olacağına qərar verilir.

Hipermetropiyanın müalicəsi necə aparılır?

Hipermetropiyanı müalicə etməkdə məqsəd, işığın retinaya düzgün şəkildə fokuslanmasına kömək etməkdir. Hipermetropiyalı fərdlərin aydın yaxın görmə üçün bunlara ehtiyacı ola bilər:

  • Eynək
  • Kontakt linza
  • Refraktiv cərrahiyyə (lazer əməliyyatları)

Reseptli linzalar

Gənc fərdlərdə müalicə hər zaman şərt deyil. Çünki gözlərin içindəki büllurlar vəziyyəti xilas edəcək qədər elastik quruluşdadır. Hipermetropiya dərəcənizdən asılı olaraq, yaxın görmənizi yaxşılaşdırmaq üçün reseptli linzalara ehtiyacınız ola bilər. Bu, xüsusilə yaşlandıqca və gözlərinizdəki büllurların daha az elastik hala gəldiyi zaman özünü göstərir.

Reseptli linzalar istifadə etmək, buynuz qişanızın azalan əyriliyini düzəldərək müalicə edir. Reseptli linza növləri eynək və kontakt linzalardır. Eynək, hipermetropiyanın səbəb olduğu görmə qüsurunu kəskinləşdirməyin asan və etibarlı bir yoludur. Kontakt linzalar isə gözünüzə tam olaraq taxılır. Sferik, multifokal və monovijn dizaynlarla yanaşı, yumşaq və ya sərt, qaz keçirən daxil olmaqla müxtəlif material və dizaynlarda mövcuddur.

Refraktiv cərrahiyyə

Bu tətbiqlər miopiya (yaxıngörmə) və astiqmatizmdə olduğu kimi, buynuz qişa quruluşları uyğun olarsa, müəyyən dərəcəyə qədər olan hipermetropiyalara da tətbiq edilə bilər. Bu cərrahi müalicədə buynuz qişanın əyriliyi yenidən formalaşdırılır və hipermetropiya aradan qaldırılır.

Refraktiv cərrahiyyə üsulları bunlardır:

  • Lazer müşayiətli yerində keratomileusis (LASIK): Bu prosedurla göz cərrahı buynuz qişada nazik, qatlanan bir qapaqcıq (flep) yaradır. Daha sonra hipermetropiyanı düzəldən, buynuz qişanın əyriliklərini tənzimləmək üçün bir lazerdən istifadə edir. LASIK əməliyyatında sağalma prosesi adətən daha sürətli olur. Buynuz qişa ilə bağlı digər əməliyyatlara nisbətən daha az narahatlıq yaşanır.
  • Lazer dəstəkli subepitelial keratektomiya (LASEK): Cərrah, buynuz qişanın xarici qoruyucu təbəqəsi olan epitel təbəqəsində dəyişiklik edir. Buynuz qişanın xarici təbəqələrini yenidən formalaşdırmaq və əyriliyini dəyişdirmək məqsədilə bir lazerdən dəstək alır.
  • Fotorefraktiv keratektomiya (PRK): LASEK tətbiqindən yeganə fərqi, cərrahın epitel təbəqəsini tamamilə götürməsidir. Daha sonra buynuz qişanı yenidən formalaşdırmaq üçün lazeri istifadə edir. Epitel dəyişdirilmir, ancaq buynuz qişanızın yeni formasına uyğun olaraq təbii şəkildə yenidən yaranır.

SMILE üsulu da mövcuddur, lakin bu üsul hələlik hipermetropiyası olanlar üçün tətbiq edilmir.

Hipermetropiya ilə Ortaya Çıxan Simptomlar Hansılardır?

Hipermetropiyası olan şəxslərin xüsusilə gənc yaşda uzağı görmələri pis deyil. Ancaq yaxın məsafədə işləyərkən baş ağrısı, yorğunluq, konsentrasiya pozğunluğu, fokuslanma problemləri, oxuyarkən tez yorulma, yaxın görmə ilə əlaqəli bir işlə məşğul olurlarsa işdən sonra həddindən artıq yorğunluq, uşaqlarda isə gözlərdə çəplik və görmə tənbəlliyi kimi sıralaya bilərik.

Hipermetropiyanın Qarşısı Necə Alınır?

Hipermetropiya qarşısını ala biləcəyiniz bir hal deyil, ancaq gözlərinizi qorumaq üçün edə biləcəyiniz bəzi şeylər var. Problemləri erkən aşkarlamaq üçün mütəmadi olaraq göz müayinələrindən keçməlisiniz.

  • Yüksək təzyiq və ya diabet kimi görmə qabiliyyətinizə təsir edə biləcək xroniki xəstəlikləriniz varsa, mütəmadi olaraq həkiminizə müraciət edin.
  • Göz problemləriniz (məsələn, qlaukoma) varsa, həkiminizin müalicə planına əməl edərək onun təlimatlarına riayət edin.
  • Görmənizdə dəyişikliklər olarsa və ya gözlərdə ağrı, axıntı və qızartı müşahidə edilərsə, həkiminizlə məsləhətləşin.
  • Yaxşı işıqlandırmaya diqqət edin. Daha yaxşı görmək üçün işıqdan düzgün istifadə edin. Evinizdə və ya ofisinizdə yaxşı işıqlandırma ilə göz yorğunluğunun qarşısını alın və yaxın məsafədən görmənizi qoruyun. Gözlərinizi dincəltmək üçün gün ərzində qısa fasilələr verin. Göz istirahəti texnikası olan “20-20-20 qaydası”na (hər 20 dəqiqədən bir, 20 saniyə müddətində 20 fut (təxminən 6 metr) uzağa baxmaq) əməl etməyi unutmayın. İstirahət, xüsusilə uzun müddət oxumaq və ya kompüterə baxmaq kimi fəaliyyətlərdən sonra vacibdir.
  • Ani görmə dəyişiklikləri, şimşək kimi çaxan işıqlar və ya görmə itkisi hiss edərsinizsə, dərhal göz həkiminizə məlumat verin.
  • Gözlərinizi günəşdən qorumağı unutmayın. Ultrabənövşəyi (UV) radiasiyanı bloklayan günəş eynəklərindən istifadə edin.
  • Göz zədələnmələrinə qarşı tədbirinizi alın. İdmanla məşğul olarkən, ot biçərkən, boya işləri görərkən və ya zəhərli buxarlara məruz qalarkən mütləq qoruyucu eynək taxın.
  • Sağlam qidalar yeyin. Bol yaşıl yarpaqlı tərəvəzləri, digər tərəvəzləri və meyvələri yeməyə çalışın. Tədqiqatlar göstərir ki, ton balığı və qızılbalıq kimi omeqa-3 yağ turşuları ilə zəngin balıqları pəhrizinizə daxil etsəniz, göz sağlamlığınıza olduqca faydalı olar.
  • Siqaret çəkməyin. Siqaret çəkmək bədəninizin digər orqanları üçün zərərli olduğu kimi, göz sağlamlığınız üçün də təhdiddir.
  • Gözlərinizdə ağrı olub-olmamasından asılı olmayaraq, qəfil görmə itkisi, dumanlı və bulanıq görmə, ikiqat görmə və ya qara nöqtələr görmə kimi əlamətlər göstərirsinizsə, mütləq həkiminizlə məsləhətləşin və göz müayinəsindən keçin. Göz sağlamlığınıza laqeyd yanaşmayın.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.

Təqlər :

Uncategorized

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.